Azərbaycan uzun müddət Rusiyanın koloniyası olmuşdur. Azərbaycan xalqı həmişə azadlıq və müstəqillik uğrunda mübarizə aparmışdır.
XX əsr tarixin yalnız elm və texnologiya əsri kimi deyil, həm də xalqların koloniyalardan azad olunması və milli dövlətlərin yaradılması dövrü kimi tanınır.
1917-ci ildə Rusiyada baş verən inqilab Romanovlar ailəsinin hakimiyyətinə son qoydu və Rusiya İmperiyası dağılmağa başladı. Millətlər öz talelərini müəyyən etməli oldular. Bu fürsətdən istifadə edən Azərbaycanın vətənpərvər oğulları 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasını elan etdilər.
Bu, bütün Şərqdə ilk Demokratik Respublika idi. ADR parlamentli dövlət olmuşdur. Həmçinin dövlət atributlarına — bayraq, himn və gerb sahib idi. Üçrəngli bayraqlar türklük, islam və Avropa meylliliyini simvolizə edirdi. ADR yalnız 23 ay mövcud oldu. 28 aprel 1920-ci ildə bolşeviklərin 11-ci ordusu Azərbaycana hücum edərək Respublikaya son qoydu.
Respublika Günü — dövlət müstəqilliyinin bərpası günü 1990-cı ildən dövlət bayramı kimi qeyd edilir.