Martın 8-i qadınların iqtisadi, sosial və siyasi bərabərlik uğrunda mübarizədə beynəlxalq həmrəylik günü kimi qeyd olunur. Beynəlxalq Qadınlar Günü 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq Konfransında (Kopenhagen) K. Setkinin təklifi ilə qəbul olunmuşdur. Bu günü ilk qeyd edən ölkələr Almaniya, Avstriya, İsveçrə və Danimarka olmuşdur. Rusiya bu günü 1913-cü ildə, Azərbaycan isə 1917-ci ildə qeyd etməyə başlamışdır. 1914-cü ilə qədər Beynəlxalq Qadınlar Günü müxtəlif tarixlərdə qeyd olunurdu. Martın 8-də Qadınlar Gününün qeyd olunması Avstriya, Macarıstan, Rusiya, ABŞ və digər ölkələrin qadınlarının həmin tarixdə həmrəylik gününü qeyd etməyə başlamasından sonra ənənə halını almışdır.
O vaxtdan bəri, martın 8-i dünya sülhü üçün həmrəylik günü kimi qeyd olunur. 1965-ci ildən etibarən, keçmiş SSRİ martın 8-ni bayram günü elan etdiyindən bu gün iş günü deyil.
Azərbaycan müstəqillik qazandıqdan sonra da martın 8-ni Beynəlxalq Qadınlar Günü kimi qeyd edir və həmin gün heç kim işləmir.