Qarabağ bölgəsi Azərbaycanın və dünya ölkələrinin əksər bölgələrindən fərqli olaraq daha qədim tarixə malik bir ərazidir. Tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə seçilən bölgə məhz Qarabağdır. Gözəl təbiəti, iqlimi və təbii sərvətlərlə zənginliyi Qarabağ insanının düşüncə tərzinə və yaradıcılığına böyük təsir göstərmişdir.

Qarabağ insanının yaradıcılıq çeşməsinin ən mühüm yerini xalq sənətləri tutur. Bu sənət növü həyat tərzi və gündəlik yaşayışla sıx bağlıdır. Qarabağ xalqının rifah səviyyəsi, estetik zövqü, milli obrazı və kimliyi məhz bu sənət növündə aydın şəkildə özünü göstərir. Təsadüfi deyil ki, dünyanın ən məşhur muzeylərində ən çox heyranlıq doğuran xalq sənəti nümunələri məhz Qarabağ xalq sənəti nümunələri əsasında nümayiş olunur.

Londonun Viktoriya və Albert Muzeyi, Parisin Luvr Muzeyi, Vaşinqtonun Metropoliten Muzeyi, Vyana, Roma, Berlin, İstanbul, Tehran və Qahirə kimi şəhərlərin zəngin muzey kolleksiyalarına baxdıqda, Qarabağın mahir ustaları tərəfindən hazırlanmış sənət əsərlərinə hər yerdə rast gəlmək mümkündür.

Qarabağ xalqının zəhməti və yaradıcı ruhu nəticəsində meydana gəlmiş, bu bölgənin həyat tərzi və gündəlik yaşayışında geniş istifadə olunan xalq sənəti böyük və zəngin tarixə malikdir. Qarabağdan tapılan mətbəx əşyaları, silahlar və zinət nümunələri yalnız tarixi faktlar deyil, həm də onları hazırlayan ustaların sənətkarlığını əks etdirən qiymətli mənbələrdir. Metal nümunələr arasında elələri var ki, üzərindəki naxış və təsvirlər vasitəsilə həmin dövrün adət-ənənələri, dini baxışları və hətta geyimləri haqqında geniş məlumat almaq mümkündür. Qarabağ xalq sənətinin tarixi, etnoqrafik və bədii xüsusiyyətləri geyimlərdə də öz əksini tapır. Bu xüsusiyyətlər bəzi geyim formalarının kəsimi, naxışları, sənətkarlıq tikmələri və toxuculuq nümunələrində müşahidə olunur. Qədim maddi mədəniyyət nümunələrinin çoxlu sayda aşkar olunması Qarabağda maddi mədəniyyət tarixinin öyrənilməsinə imkan vermişdir.

Təsadüfi deyil ki, qədim və zəngin tarixə malik Azərbaycana aid bu bölgə dünya alimlərinin maraq dairəsinə düşmüş, eyni zamanda, onun tarixinə saxta şəkildə sahib çıxmaq istəyən sərgüzəşt axtaranların da diqqətini cəlb etmişdir. Qarabağda aşkar olunan hər bir arxeoloji material – tikinti materialları, məişət əşyaları, mətbəx avadanlıqları, zinət əşyaları və s. – həm istehsal texnologiyası baxımından, həm də üzərinə işlənmiş oyma, teoreftik təsvirlər və dekorativ naxışlarla birlikdə qədim mədəniyyətin səviyyəsini, inkişaf xüsusiyyətlərini və bu mədəniyyətin Qarabağ xalqının həyatında tutduğu rolu əks etdirir. Qızıl, tunc və misdən hazırlanmış məişət əşyaları və zinət əşyaları üzərindəki müxtəlif təsvirlər Qarabağda qədim dövrlərdən etibarən təsviri incəsənətin mövcud olduğunu sübut edir. Qarabağda toxunmuş xalçalar gözəllikləri ilə bu günə qədər insanı valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində qorunur. Zəngin mədəni irsə malik olan Qarabağ həm də musiqisi və muğamı ilə tanınır.

Azərbaycan musiqi mədəniyyətini nadir incilərlə zənginləşdirən Qarabağ musiqisi əsrlərlə formalaşmış ənənələrə malikdir. Muğamlar, xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı Qarabağ musiqi sənətində xüsusi yer tutur. Qarabağ milli musiqisinin əsasını məhz muğamlar təşkil edir. Qarabağ ədəbiyyatının nümayəndələrinin əsərləri Azərbaycan mədəni irsində xüsusi və şərəfli yer tutur. Qarabağda toxunmuş xalçalar və Azərbaycanın müxtəlif dövrlərdə fəaliyyət göstərmiş xalçaçılıq məktəbləri bu gün də gözəllikləri ilə seçilir və əksəriyyəti dünya muzeylərində qorunur.

Qarabağda teatr sənətinin başlanğıcı xalqın əmək fəaliyyəti, həyat tərzi, bayram və toy adətləri ilə, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasimlərdə, ayinlərdə və oyunlarda olan nümayiş elementləri müstəqil xalq teatrının formalaşmasında mühüm rol oynamışdır. Qarabağ xalq teatrı realist xüsusiyyət daşıyır və işçi təbəqəyə bağlı idi. Xalq teatrının repertuarında əxlaqi məzmunlu kiçik səhnəciklər yer alırdı. Qarabağ xalq teatrı peşəkar teatrın formalaşmasında mühüm rol oynamışdır. XIX əsrdən başlayaraq əvvəlcə Şuşada, sonra Ağdamda peşəkar teatr yaradılmış və səmərəli fəaliyyət göstərmişdir.

Qarabağın zəngin dəmir filizi yataqları qədimdən yerli xammal bazasında dəmirçilik sənətinin formalaşmasında mühüm rol oynamışdır. Qədim sənət sahələrindən biri olan saxsıçılıq bu günə qədər öz əhəmiyyətini qoruyub saxlamışdır. Mütəxəssislər bu sahənin Neolit dövründə formalaşdığını qeyd edirlər. Qarabağ mətbəxi özünəməxsus yeməkləri – Qarabağ kətəsi, Bərdə çörəyi və s. ilə Azərbaycan mətbəxinin əsas hissəsini təşkil edir.

Arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, qədim Qarabağ sakinləri tarix boyunca şərəfli yaradıcı yol keçmiş, bir sıra sənət nümunələri yaratmışdır ki, onlardan biri də memarlıqdır. Qədim dövrlərə gedib çıxan Qarabağ təsviri sənət ənənələri bir çox nəsillərin sənət təcrübəsini əhatə edir. Bunlara Kəlbəcər, Ağdam və Laçın rayonlarındakı qayaüstü rəsmlər, zəngin naxışlı əmək alətləri və məişət əşyaları, gözəlliyi və müxtəlifliyi ilə seçilən nadir xalçaçılıq sənəti, zərgərlik və s. aiddir. Həmçinin, zərifliyi və incəliyi ilə seçilən memarlıq abidələri – məscidlər, türbələr, saraylar, kilsələr, məbədlər və rəngli kaşı bəzəklərini xatırlamamaq mümkün deyil.

Bütün bunlar Azərbaycan xalqının ədəbi-mədəni yaddaşının və zəngin mədəni irsinin özünəməxsus “genofond”unu formalaşdırmışdır. XIX əsrin ortalarından etibarən bu irs yeni meyillərlə zənginləşmişdir. Bu dövrün əsas nümayəndələri istedadlı rəssam Mir Mövsüm Nəvvab, şairə və rəssam Xurşidbanu Natəvan və digərləri olmuşdur. Qarabağ mədəniyyəti öz zənginliyi və unikallığı ilə Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz hissəsi olmuş və olacaqdır.

add your comment